Poeziya yarpaqları
Mənim də əzizim....
Sənin dağlarının zivəsində qar,
Mənim dənizimin suları soyuq.
Yetim qəlbimizdə gizli arzular,
Bu qoca dünyanın yol yolçusuyuq.
Burda nə quş uçar, nə quzu mələr
Burda ağacların budağı qırıq.
Adamlar içində gəzən kölgələr,
Kölgələr içində adi insanıq.
Bu fərqli dil ilə kim bizi anlar?
Yetim uşaq kimi sarıl gümana.
Bizi doğmayıbdır adi analar,
Bizdən doğa bilməz hər adi ana.
Yolur ağacların saçını yellər,
Yarpaq yox, dərdlərim xəzəllənibdir.
Köhnə duyğuların çaları eyni,
Azacıq həsrəti təzələnibdir.
Çoxdandır yatmıram şeirə, sözə,
Bir şair inciyib sanki Mənimdə.
Deyirsən çətin ki ürəyim dözə,
Mənim də əzizim, elə mənim də.....
QAPIMI DÖYÜRSƏN GECƏ YARISI
Gecikmiş sevginlə gözlərində yaş,
Qapımı döyürsən gecə yarısı.
Yorgun gözlərinə baxıram çaş-baş,
Yayılıb üzünə qələm qarası.
Əyninə utancdan don geyinmisən,
Əynində nazikdir hisslərin kimi.
Əzizim, o zaman hər şeyimdin sən,
Bəs indi nəyimsən, bəs indi kimim?
Arxanca daşıdım ümüdlərimi.
Bütün sözlərini yerə vuran sən,
Bəs niyə tutmadın o gün əlimi?
İndi boş əlinlə geri gəlmisən.
Kaş səni görməzdim bu halın ilə,
Yer olsa, inan ki yerə girərdim.
Əzizdin əlçatmaz vüsalın ilə,
Gəlmisən, bəs niyə çoxaldı dərdim?
Təzə sağalmışdı yazıq ürəyim,
Dərmanlar dünənə güc gələsiydi.
Kimin qollarından qaçdın mələyim?
De görüm bu kimin faciyəsiydi?
Ən ağır cəzayla sınadın məni,
Fələk də sənin tək sınamayacaq.
Bir sevda qapıdan qovacaq səni,
Bir qapı üzünü tanımayacaq.
Döndüyün o yollar dağılaydı kaş,
Axanda üzündən qələm qarası.
Gecikmiş sevginlə gözlərində yaş,
Qapımı döyməzdin gecə yarısı.....
Qəriblər
Sonu olmalıdır bu çaxnaşmanın,
Ardı kəsilməli gileyin, qəmin.
Belə soyuq-soyuq yanaşmağının,
Zərrə tək xeyrini görə bilmədim.
Gör kimi, kimlərə dəyişə bildin.
Başını döndərdi ötəri sevdan.
Gecələr astaca yuxuma gəldin,
Səhərlər boylandın özgə qapıdan.
Əlin ciblərində,dolaş şəhəri,
Tozlu havasını ciyərinə çək.
Gərək unudaq ki, olub bitəni,
Eyni məmləkətdə yaşaya bilək.
Rüşvətlə qurulan,tikilən şəhər,
Pula aldananlar,kasıb fikirlər.
Qırmızı şərabla dolan qədəhlər,
Birdəki,birdəki bizim kimilər...
Ah çəkdim,ucaldı ahım dağlara.
Sonuncu ümidə asılıb ürək.
İsinə bilmədik yad qucaqlara,
Vətəndən qovulmuş iki qərib tək.
Arzu Hüseyn
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR