» » Poeziya yarpaqları

Poeziya yarpaqları

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 aprel 2014
//
Bölmə: Ədəbiyyat
Poeziya yarpaqları




ÇƏRŞƏNBƏ MƏLƏYİ



Çərşənbə mələyi qonur çiynimə,

Azarım-bezarım odlanır yenə.

Şirin xəyalları geyib əyninə,

Ruhum bu dərd ilə şadlanır yenə.



Çiçəyi çıtlayır ümidlərin də,

Təbəssüm gül açır dodaqlarında.

Bir vüsal şeiri göz yaşı kimi,

Söz-söz misralanır yanaqlarında.



Qayıt unudulan xatirə kimi,

Əlimdə əlinin öpüşü qalıb.

Qayıt o sahilə elə bu axşam,

Sənsiz günlərimin rəngi qaralıb.



Ruhum görüşünə tələsir yenə,

Sahilə çatmayan ləpələr kimi.

Çərşənbə mələyi qonur çiynimə,

İnama səsləyir dəli fikrimi.





GECİKMİŞ MƏHƏBBƏT



Bax, yenə oyağam, yata bilmirəm,

Uymaq istəmirəm yuxularıma.

Sən gələn yuxuya “yuxudur” deyib,

Qıymaq istəmirəm yuxularıma.



Bir az tələsmisən ayrılıq üçün,

Bir az gecikmisən bu məhəbbətə.

Vədəsiz bar verən ağaclar kimi,

Bu sevgi sığmayır haqq-ədalətə.



Ruhum sorağına çıxıb min ildi,

Axtara-axtara itirdim səni.

Biz harda dost idik, harda yar olduq?

Niyə öz dünyama gətirdim səni?



Aşiqin dövranı olmur, əzizim,

Aşiq laməkandı, zamanı yoxdu.

Bizim sevgimizin, məhəbbətimizin,

Bugündən sabaha gümanı yoxdu.



Mən necə yaşayım didərgin eşqi,

Yoxmu bir əzizin, yaxının-yadın?

Mən hansı vicdana sığdırım səni,

Ruhuma, könlümə sığınan qadın?



DÜNYANIN




Adını dodağa-dilə salıram,
Hərdən rişxənd edib ələ salıram,
Sonuncu mənzilə yola salıram,
Gətirə bilmədim yola dünyanı.

Başını dərd ilə qata bilmədim,
Neynim, damarını tuta bilmədim,
Beş-altı şeirə sata bilmədim,
Dəyişə bilmədim pula dünyanı.

Dərdinə kim yanıb, yarıcan olub,
Özündən utanıb, bağrı qan olub.
Kaş bircə günlüyə mən də xan olub
Döndərim kənizə, qula dünyanı.

Gözləri qıfıllı, ağzı möhürlü,
Sözü hərf-hərf qəmlə hörülü.
Dünya bir qaladı sirli-sehirli,
Daşını kim qoyub qala dünyanın?

Dərdimi sərimi bəlgələmişəm,
Hərdən büdrəmişəm, kəkələmişəm.
Özümə, sözümə yük eləmişəm,
Şələ tək vurmuşam çula dünyanı.

Mən belə xoşbəxtəm, mən belə şadam,
Xanəsi bərbadam, könlü bərbadam.
Bir dəli şeytana qoşula adam,
Durub havasını çala dünyanın.



Faiq Hüseynbəyli



QafqazPRESS.az
banner125x125 banner125x125