» » Poeziya yarpaqları

Poeziya yarpaqları

Müəllif: Sevinc Novruzova
//
Tarix: 09 aprel 2014
//
Bölmə: Ədəbiyyat
Poeziya yarpaqları



DƏYMƏYİN MƏNƏ




Dəyməyin mənə
Dəyməyin
Dəyməyin, qoyun ağrıyım
Soruşmayın nədir dərdim
Yer üzüylə,
Göy üzüylə
Sevəndə sevin, ağrıyım,
Döyəndə döyün, ağrıyım
Sonra yenə çıxın gedin
Gedin
Tək qalım,
Üşüyüm
Gedin,
İtim,
Axtarmayın
Sizə nə var, ay adamlar,
Yoxmu işiniz-gücünüz
Dağılışın
Yolu açın,
Burda avara qalmayın
İstəyirsiz,
Yazıb qoyum-
Sizdən keçən diləyim yox
Sizi görmək istəyim yox
Qaçıb bu gün əlinizdən
Öz-özümə qısılmışam
Vallah,
Heç yerdə demərəm,
Qorxmayın,
Qanım batacaq-
Məni siz öldürməmisiz
Mən
Göylərdən asılmışam...

A D A M

Hər gələn bir daş götürüb
Atır-Ay adam, necədir? !
Sağdan dəyir
Soldan dəyir
Daşlar ağlını itirib
Çatır-Ay adam,
Necədir?
Kələkötür
Ya hamarı
Ya qarası,
Ya da ağı
Nə fərqi var-
Daş ki, daşdı
Atılıbsa dəyməyi var
Dəyibdirsə ağrıtmağı...
Uşaq atır
Böyük atır
Daşlar incidir, ay adam
İçimizi o daş atan
Başşlar incidir,
Ay adam!
Vaxtında çox daş atmısan
İndi çoxu acığını
Sənin öz daşınla çıxır
Görürsənmi necə olur?
İçin götürmür daşının
Ağrısını
Nisgilini-
Axır,
Göz yaşınla çıxır...
Nə yaxşı ki, hələ sənin
Ağlamağın var
Ay adam ...
Yoxsa yenə atmağa daş
Saxlamağın var, ay adam?
Hər adama daş atmazlar,
Hər adamdan daş yeməzlər
Qırılmağın
Tökülməyin
Sonra düşüb öz-özünü
Toplamağın var
Ay adam...




TANRI




Tanrı, özümdən doymuşam,
Dağıt məni, təzədən qur
Bir dəfə ki, bacarmısan?-
Unut məni, təzədən qur
Əllərimi çiçək elə
Saçlarımı külək elə
Bir az mənə kömək elə
Yarat məni, təzədən qur..
Ürəyimdə daş ağrısı
Gözlərimdə yaş ağrısı
Bir dönük sirdaş ağrısı
Sağalt məni, təzədən qur...
Nə yalan, nə həqiqətdir
Məndəki mən müsibətdir
De ki, belə məsləhətdir-
Aldat məni, təzədən qur...
Toxu, toxu dilək-dilək
Sına, sına mələk-mələk
Ayır yerdən, yanına çək
Qat-qat məni, təzədən qur...
Sən anlarsan bu seçimdən
Bezdim daha bu biçimdən
Tanrı, yorulmuş içimdən
Çıxart məni, təzədən qur...



Hədiyyə Şəfaqət



QafqazPRESS.az
banner125x125 banner125x125