Səxavət Talıblının qəzəlləri
Vermişəm mi qurban sənə ey yar, gəl apar,
İstəsən min kərə verrəm yenə təkrar,gəl apar.
Ummuram özgə təmənna ki,sənə can verirəm,
De secim içrə qalibsan nə giriftar,gəl apar.
Qadir Allah sənin ücün bu əmanət canımı,
Bir ovuc torpaq edib "OL" - dedi gülzar, gəl apar.
Saralıb ay bənizin, lalə yanaq solmadadır,
Kirpiyin sal, ürəyimdə nə qanım var, gəl apar.
Sərib arxamca ayaq izlərimə yollarını,
Süpürüb sirrimi rüzgar, olub aşkar, gəl apar.
Görəsən yar bu Səxavətlərin hansın seçəcək,
Biri rəssam, biri şair, biri memar, gəl apar.
Söylə o gülə sevgisini danmasın, ölləm,
Saf istəyi saxta, ya çürük sanmasın, ölləm
Səhrada onun kölgəsi üstündə gəzim ki,
Qəlbim yaxılıb,qoy ayağım yanmasın, ölləm
Çəkmiş sinəmin üstünə dağ,qoy yenə çəksin,
Çıxsın dağa düzdən mənə boylanmasın, ölləm,
Nəymiş aramızda bu soyuqluq, bu boran, qış?
Qoy atəşə dönsün, baxışı donmasın, ölləm.
Xalqa özünü sən də Səxavət elə göstər,
Xalqın səni nankordu deyib anmasın, ölləm.
Qurban kəsərəm, sevgili canan bizə gəlsə,
Gözlər oyaram, vallahi yarım gözə gəlsə.
Atmam mən onu, qoy qınasınlar məni ellər,
Sevgim ona sonsuzdu, yaşım ta yüzə gəlsə.
Qopsa darayarkən saçını, bir dənə zülfün,
Verməm onu əğyarə, belə qan dizə gəlsə.
Qeysin o gözəl sandığı Leyla ki deyirlər,
Bəlkə utanar yarım ilə üz-üzə gəlsə.
Zərxarə çəkər əyninə gül üzlü təbiət
Bir gün bu Səxavətlə durub göz-gözə gəlsə.
Qorxum budur Allahın əlindən düşə dünya,
Çat-çat ola, xıncımlana şəffaf şüşə dünya.
Çiynində min illərdi ağır yük daşımaqdan,
Dizlər bükülüb, gah başı dəymiş daşa dünya.
Kimlər sənə nankor, ya da ki, fani deyiblər,
Qalmış yenə sənlə üz-üzə, baş-başa dünya.
Yer, göy alacaq ruhumu, həm cismimi məndən,
İstər ayağımdan başıma sarmaşa dünya.
Yarın saçını yanə ayırmış bu Səxavət,
Görmüş ki, baxır zülf arasından qoşa dünya.
Yarım dedilər yoldadı, mehmanı götür gəl,
Əhd eylədiyim bir quzu qurbanı, götür, gəl.
Get yolda dayan, harda ki,cənnət bağı görsən,
Gir laləzər içrə, gülü xəndanı götür, gəl.
Gəz bağçanı, yarın dolaşıb zülfü çəməndə,
Ver şanəsini, zülfü pərişanı götür, gəl.
Tərk eylə bağı,dön geri hicran məni əzdi,
Göstər ona qəlbim kimi ünvanı, götür gəl.
Gördün gəlişiylə açılıb bağçada güllər,
Yalvar ki,o bağbana, gülüstanı götür, gəl.
Gəl-gəl, yetiş imdadıma, ruhum daha dözmür,
Canım can alan yardadı, cananı götür, gəl.
Ruhum çıxası olsa Səxavət bədənimdən,
Axtar, ara ustadı qəzəlxanı götür, gəl.
Ey yar,səni əğyarilə gülşəndə görüblər,
Gizlətmə, bulaq üstə bu çərşənbə görüblər.
Al rəngdə çiçək tutmuş o məşuq dün əlində,
Rəngin dəyişibmiş bu gün, ağ, pəmbə görüblər.
Bədnam və xəcil etmələri bir yana dursun,
Bir yandan hələ hər günahı məndə görüblər.
Qeyb oldu o yar, getmə gülüstanə, əbəsdir,
Gizlincə şəhərdən yön alıb kəndə, görüblər.
Yığmış qohumu, qardaşı, derlər dünən axşam,
Qoymuş məni söz-söhbətə, rişxəndə, görüblər.
Get söylə Səxavət, gülə, nəymiş ki, günahın?
Bülbül çəkən ahın səbəbin səndə görüblər.
İstərəm canım verəm canana, canan istəmir,
İstəmir qəlbim qopa,bağrım ola qan, istəmir.
Duymuşam etmiş fəda eşqin yolunda öz canın,
Ol səbəbdən al dedim cismimdi qurban, istəmir
Kəsməyin yollarını,vermiş qərarın qafila
Olmasın Leyla kimi dillərdə dastan, istəmir.
Çarə qıl, qıl ey təbib, axtar bu dərdin çarəsin,
Tək sənin qanın,- dedi, - canana dərman, istəmir
Ey Səxavət,ver qərarın, can sənin, canan sənin,
Bəlkə, qəlbindən keçir aşkara, pünhan istəmir.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR