Unitaza atılmış ət parçası ilə bir cinayəti açmışıq: 43 il ölülərlə “işləmiş” həkim
Budəfəki müsahibimiz olduqca spesifik sahənin nümayəndəsidir. Bura özündə eyni anda həm tibb, həm də hüquq sahəsini ehtiva edir. Söhbət məhkəmə-tibbi ekspertizadan gedir.
Ekspertlərin verdiyi rəylər birmənalı şəkildə hadisənin əsas sübutu, dəlili kimi qəbul edilir.
Bu gün ölkədə törədilən cinayətlər hansı motivdədir? Hansı cinayət növü uzun müddət araşdırma tələb edir? Qatı açılmamış hansı cinayətlər qalıb?
Bu və digər suallarımızı ömrünün 43 ilini məhkəmə-tibbi ekspertizasında çalışan, 20 il çalışdığı spesifik sahənin incəliklərini tələbələri ilə bölüşən Yasamal rayon məhkəmə-tibb eksperti Nuru Allahyarov cavablandırıb.
N.Allahyarov 1976-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika işi fakültəsini bitirib. Səhiyyə Nazirliyinin təyinatı ilə Məhkəmə-Tibbi Ekspertiza Bürosuna məhkəmə tibbi eksperti təyinatı alıb. Elə o zamandan bu günə qədər də bu peşəni davam etdirib. Ali dərəcəli mütəxəssis olaraq Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən təltif edilib.
Qafqazpress.az Oxu.Az-a istinadən ali dərəcəli məhkəmə tibbi eksperti Nuru Allahyarovla müsahibəni təqdim edir:
- Nə üçün cərrah və ya hər hansı digər profil üzrə deyil, məhz məhkəmə tibbi eksperti olmağı seçdiniz?
- Əslində, hüquqşünas olmaq istəyirdim. Sadəcə, rəhmətlik böyük qardaşım hüquq oxumuşdu. Atam da istəyirdi ki, fərqli sahələr üzrə peşəkar mütəxəssis olaq. O, mənim həkim olmağımı istəyirdi. Universitetə qəbul olanda sevinmişdi. O vaxt cərrah olmaq beş adamdan ikisinə qismət olurdu. Hər tələbəni götürmürdülər. Elə oldu ki, bölgü zamanı cərrahiyyə qrupunda yer olmadı. Mən də məcburən məhkəmə-tibbi ekspertiza üzrə oxumalı oldum.
- İndi peşmansınızmı?
- Bu sualı o qədər eşidirəm ki (gülür). Çox ağır, olduqca çətin sahədir. Amma peşman deyiləm. Artıq bir yerdən sonra insan öz ixtisası, işi ilə bütünləşir.
NƏVƏLƏRİMİN MƏNİM İŞİMLƏ MƏŞĞUL OLMASINI İSTƏMƏZDİM
- Ailənizdən kimsə bu peşəni seçmək istəyibmi? Və ya nəvələrinizin davamçınız olmasını istərdinizmi?
- Sözün düzü, istəmərəm onlar bu qədər ağır işin məsuliyyətini öz çiyinlərinə götürsünlər. Bütün peşələrin öz məsuliyyəti, ağırlığı var. Amma bizim peşəmiz həyati məsələləri həll edir. Bir müəllimimiz var idi. Həmişə deyirdi ki, “Səhv insanlar üçündür” sözü yanlışdır. Hüquqşünas və həkim heç vaxt səhv etməməlidir. Çünki hüquqşünasın kiçik bir səhvi ilə insanların hüquqları tapdanır, mənəviyyatı korlanır. Həkimin buraxdığı kiçik bir səhv isə insan sağlamlığının itirilməsinə gətirib çıxara bilər. Bunun isə geri dönüşü yoxdur. Bu sahəyə gəlmələrini istəmərəm, amma çox böyük maraq göstərsələr, dəstəyimi əsirgəmərəm.
- Həm də 20 il pedaqoq kimi peşənizin incəliklərini tədris etmisiniz...
- Tələbələrimin çoxu müxtəlif rayonlar üzrə hüquq-mühafizə orqanlarında çalışırlar. Mən çox sevinirəm ki, yetirmələrim bu ağır peşənin öhdəsindən layiqincə gəlməyi bacarırlar. Onlara hər zaman tövsiyə etmişəm ki, işinizdə peşəkar olun. Tez-tələsik qərarlar verməyin. Sizin verdiyiniz rəy hadisənin motivini dəyişə, hüquq-mühafizə orqanlarını yanlış istiqamətə yönləndirə bilər. Məsuliyyətinizi dərk edərək xidmət edin.
- Öz sahənizi necə təsvir edərdiniz?
- Bizim sahəmiz hüquq-mühafizə orqanları ilə paraleldir. Biz qətiyyən səhv edə bilmərik. Çünki məhkəmə-tibbi ekspertiza dünyasını dəyişmiş şəxsin son hüquqlarını müdafiə edir. Əgər ölən şəxs təcavüzə, zorakılığa məruz qalıbsa, biz onu gizlədə bilmərik. Əgər bunu edən insanlar varsa, Allah yanında günah qazanmaqla yanaşı, insanların mənəviyyatını da tapdamış olurlar. Mən 43 ildə apardığım işlərdə bacardığım qədər obyektiv olmağa çalışmışam. Bu günə qədər tapşırılan bütün cinayətlərin təfərrüatını açmışam.
- Heç vaxt yanlış rəy verməmisiniz?
- Xeyr, heç vaxt. İşlədiyim bütün işlərdə kənar fikirlərə rəğmən, hər zaman cəsədə baxış keçirən zaman verdiyim yekun nəticənin üzərində qalmışam. Bu günə qədər heç kim hansısa bir işdə səhv rəy verdiyimi deyə bilməz.
- Dünyada çoxsaylı qatı açılmamış cinayətlər var. Alimlər, kriminalistlər xüsusilə müəmmalı qətllərə daha çox maraq göstərir, cinayətin təfərrüatını aşkara çıxarmaq istəyir. Necə düşünürsünüz, cinayətlərdə ən qəliz tapmaca nədir?
- Təbii ki, hadisə isti-isti araşdırılanda cinayətin törədilmə səbəbləri, cəsəddəki bütün izlər, ölüm səbəbini izah edəcək əlamətlər aydın müşahidə edilə bilir. Ölümün o qədər müxəlif halları ilə qarşılaşmışam ki, bu suala konkret cavab vermək mənim üçün çətindir. O cinayətə rəy vermək bizim üçün çətin olur ki, cinayətkar törətdiyi əməli ört-bas etmək üçün cəsədi müxtəlif parçalara ayıraraq bir-birindən aralı məsafələrə atır. Belə olan halda cinayətin törədildiyi andan uzun müddət keçir və cəsəd artıq çürüməyə başlayır. Belə hallarda, təbii ki, ekspertizanın aparılması çətinləşir. İdentifikasiya məsələləri ortaya çıxır, cəsədin kimə aid olduğunu müəyyənləşdirmək qəlizləşir. Bu hal təbii ki, istintaqın gedişini də ləngidə bilir.
UNİTAZA ATILMIŞ ƏT PARÇASI İLƏ BİR CİNAYƏTİ AÇDIQ
- Ən asan və ən qəliz cinayət metodu nədir?
- Öz təcrübəmdən bir cinayəti danışım sizə. Haradasa 13-14 il bundan qabaq bir cinayət araşdırırdıq. Ekspertizanı mən aparırdım. Cinayətin motivi belə idi ki, xarici ölkədən gələn vətəndaş insanları özünə inandıraraq xaricə işləməyə aparmaq istəyir. Həmin şəxs özü ixtisasca hüquqşünas olur. Bu bir xanımla tanış olur. Həmin xanımın iki uşağı - bir qızı, bir oğlu olur. Bir müddət o qadının evində qalır.
Çoxsaylı insanlarla danışıqlar aparır, bəzilərindən pul alır, bəzilərindən sənəd alır və artıq öz ölkəsinə qaçmaq istəyir. Nəhayət, qadına deyir ki, səni və qızını özümlə apararam, amma oğlunu aparmayacağam. Oğlan bu işlərdən şübhələnir. Anasına və kişiyə xəbərdarlıq edir ki, mən sizin işlər barəsində polisə məlumat verəcəyəm. Qadın özü oğlunun öldürülməsinə razılıq verib.
Qadın qızını da götürüb evdən çıxır və kişi oğlanı öldürmək üçün onun çayına apteklərdə açıq şəkildə satılan bir dərman (preparatın adını açıqlamağı lazım bilmirik - red.) tökür. Dərmanın təsirindən uşağın təzyiqi düşür və özünü itirir. Kişi isə uşağın vəziyyətindən istifadə edərək onu öldürür. Öldürdükdən sonra meyiti balta ilə kiçik parçalara bölür. Hadisə aprel aylarında baş verdiyi üçün evdə gizlədə bilmir. Uşağın doğranmış bədənini kiçik qara sellofanlara doldurur və küçə boyunca qarşısına çıxan hər zibil qutusuna birini atır.
Uşağı hamamda qətlə yetirdiyi üçün əzələ hissələrini unitaza atır. Lakin kanalizasiya sistemi tutulduğu üçün qonşular aidiyyəti quruma müraciət edir. Kanalizasiya təmizlənən zaman içərisindən çıxan ətlər hər kəsi heyrətə gətirir. Faktla bağlı polisə müraciət edildikdən sonra həmin ət parçaları aidiyyəti üzrə ekspertizaya gətirilir. İş mənə yönləndirilir. Mən həmin əzələlərə baxan kimi, vizual olaraq insana məxsus olduğunu dedim. Müayinə etdikdən sonra da insana aid olduğunu müəyyənləşdirdik.
Daha sonra hüquq-müafizə orqanları həmin ərazidə yaşayan insanlardan məlumat aldı. Məlum oldu ki, həqiqətən, bu ailə buraya təzə köçüb və qadının oğlu ortada yoxdur. Baxın, əlimizdə iki kiloqrama yaxın ət parçası var. Biz bu ət vasitəsilə cəsədin şəxsiyyətini təyin etməliyik, sözügedən maddəni qəbul edib-etmədiyini, ölüm səbəbi və müddəti haqqında rəy verməliyik. Biz bu qədər rəyi vermək üçün o qədər dəqiq çalışmalıyıq ki, əlimizdə olan tək dəlildən informasiya çıxara bilək.
Bu işin araşdırılması üçün müstəntiqlə həmin ərazidəki küçələri, zibil qutularını axtarmışıq, evlərin damına çıxıb beyin sümüklərini tapmışıq və s. Daha sonra onlar üzərində bioloji, kimyəvi araşdırma aparmışıq, identifikasiya aparıb yekun nəticəyə gəmişik ki, cəsəd kimə məxsusdur, necə öldürülüb, öldürüldükdən sonra hansı şəraitdə bədəni parçalara ayrılıb, hansı alətdən istifadə edilib. Bütün bunları ən xırda detallarına qədər müəyyən etmək olur.
Həmin o əcnəbi vətəndaşa 18 il iş verdilər. Uşağın anası da həbs edildi. Baxın, belə bir hadisənin təfərrüatını açmışıq.
- Həmin hüquqşünasın və qadının psixoloji durumu yerində olub?
- Bəli. Cəmiyyətdə belə bir yanaşma var ki, bu cür qətllər törədən şəxslərin psixoloji durumu yerində olmur. Lakin bu, heç də elə deyil. Həmin qadının da, o kişinin də psixoloji durumu, sağlamlığı yerində olub.
SOSİAL ŞƏBƏKƏNİN İNTİHARLARDA ROLU BÖYÜKDÜR
- Statistika göstərir ki, intihar edənlərin sayı artır. Necə düşünürsünüz, bu, həqiqətən, intihardır, yoxsa intihar görünüşlü cinayətlər?
- Çox həssas məqamdır. Bu gün intiharların sayı artıb. Ölüm cavanlaşır deyirik. Təəssüf ki, bu gün intihar edən şəxslərin çoxu yeniyetmələr, gənclərdir. Hansı ki, onları intihara sürükləyəcək ciddi faktorlar yoxdur. Bu, sadəcə, sosial şəbəkələrdə neqativ paylaşımların, uyğun olmayan informasiyaların yayılması səbəbindən onların şüuraltına yerləşən bir addımdır.
Ola bilər ki, siz mənimlə razılaşmazsınız. Amma mən belə düşünürəm ki, sosial şəbəkənin intiharlarda rolu böyükdür. Ötən illərlə müqayisə etsək, içkili vəziyyət, avtmobil qəzaları nəticəsində ölümlər çox azalıb. İntiharlar və narkotik vasitələrin qəbulu zamanı ölüm halları bir o qədər artıb. Yetkinlik dövründə, gənc yaşlarda insanların fikir və düşüncələrinə təsir etmək, onları istənilən istiqamətə çevirmək çox asandır.
Növbəti suala keçmək istəyərkən mütəxəssis maraqlı bir məqama daha toxundu. İntiharların qidalarla əlaqəsi ola biləcəyinə diqqət çəkdi. O düşünür ki, istehlak edilən qidaların tərkibində sinir sisteminə təsir edən zərərli maddələr mövcuddur:
“Bunu deməklə heç kimi qorxutmaq istəmirəm. Amma gündəlik qəbul etdiyimiz qidalar, onların tərkibinə qatılan kimyəvi maddələrin miqdarını, tərkibini bilmirik. Ola bilər ki, onlar da bizim psixologiyamıza, inkişafımıza, sinir sistemimizə təsir göstərir. Bunlar hər birimizin diqqətindən yayınsa da, əslində, nəzərə alınmalı nüanslardır”.
- Heç olubmu cinayətin motivini başqa cür təqdim etməyə çalışsınlar?
- Bəzən olur. Heç kim törətdiyi cinayəti açıq-aşkar, təfərrüatı ilə etiraf etməz. Bir dəfə bölgələrimizdən birində bir qətl hadisəsi olmuşdu. Lakin bunu intihar kimi qələmə vermişdilər. İddia edirdilər ki, gəlin əsəbiləşib və ov tüfəngi ilə özünə atəş açaraq öldürüb. Cəsəd ekspertizaya gətirildi. Ona baxış keçirilməsi mənə tapşırıldı. Biz cəsədi incələyən zaman ən xırda detallara diqqət etdik. Burada ekspertin təcrübəsi önəmlidir. Hadisə yerində olan qırmaların uçuş istiqaməti, şəxsin boyu, tüfəngin xarakteri və s. Bütün məqamlar incələndi. Bizimlə paralel olaraq hadisə yerində ballistik, kriminal araşdırmalar aparıldıqdan sonra əldə edilən dəlillər əsasında yekun rəy verildi ki, bu intihar yox, cinayətdir.
Başqa bir hadisə isə yaşlı qadının öldürülməsidir. Kürəkəni tərəfindən öldürülüb, amma yüksəklikdən yıxılaraq öldüyü iddia edilirdi. Lakin cəsədə baxış keçirilən zaman bəlli oldu ki, bədəndə zərbə izləri var.
- Elə bir müddət var ki, ondan sonra ölüm səbəbini müəyyənləşdirmək qeyri-mümkün olsun?
- Bilirsiniz, əslində, bayaq dediyim kimi, hadisəni isti-isti işləyən zaman daha dəqiq məlumat vermək olur. Amma yenə də tibbi rəy vermək üçün qeyri-mümkün müddət yoxdur. Sadəcə, bir məqam var. Bir şəxs döyülür. Lakin bir ay sonra tibbi rəy almaq üçün bizə müraciət edir. Belə olan halda onun döyüldüyünü təsdiq edə biləcək rəy vermək çətin olur. Çünki bədəndəki zərbə izləri sağalır. Buna rəy vermək olmaz.
Onun döyüldüyünü nə qədər israrla desələr də, təyin etmək üçün görünəcək iz olmalıdır. Hər bir hadisənin özünün müddəti var. Elə insan var ki, “ağıllı” davranır, üzünə yumşaq şillə vurur, başına yüngül zərbə vurur, xəsarət yetirmədən insana təzyiq edir. Xüsusilə zorakılıq motivi əsasında cinsi cinayətlər zamanı müddət nisbətən qısadır. Bununla bağlı xüsusi diqqətli olmaq lazımdır.
- Bir dönəm dəm qazından boğulmaların sayı artmışdı. Bu məqamlarda ekspertiza ölümdən əvvəl və sonrakı məqamları təyin edə bilirmi?
- Əlbəttə. Dəm qazından zəhərlənmə elə bir haldır ki, qanın al-qırmızı olmasından və meyitin rəngindən bunu təyin etmək olur. Qanın laborator müayinəsi zamanı qanda həmin zəhərlənmənin təsirindən yaranan maddə aşkarlanır. Əgər zəhərlənmədən şübhələniriksə, yenidən digər müayinələr aparılır.
Təcrübəmdə bir cinayəti sizə danışım. Kişi mülk üstündə mütəmadi olaraq ailə üzvlərini siçan zəhəri ilə zəhərləyirdi. Yeməklərinə, çaya qataraq onların orqanizminə zəhər yeridirdi. Siçan zəhəri isə daxili orqanlarda dəyişikliyə, xüsusilə böyrəklərdə çatışmazlığa gətirib çıxarır. Bu məqamlar göz önündə tutularaq meyitin dırnağından, tükündən nümunələr götürülərək laboratoriya müayinəsi aparıldı. Meyitdən alınan tükün üzərində “arsen” deyilən maddə tapıldı və sübuta yetirildi ki, bilərək zəhərlənmə olub.
Əgər sadaladığım məqamlarla yanaşı, meyitin üzərində başqa xəsarət izləri yoxdursa, şəxsin dəm qazından öldüyünə rəy verilir. Əks halda dəm qazı cinayəti ört-basdır edə bilməz.
- Bəzən şəxsi boğub sonra asaraq motivi dəyişmək faktları olur.
- İnsanı əllə boğublarsa, təzyiq gücündən boyunun ön səthində əl barmaqlarının izləri şəklində qançırlar və ayparanı xatırladan qaralmalar olur. Təbii ki, dərinin üst səthində olan qızartı izləri silinə bilər, lakin dəri altında, qırtlaq altında o izlər qalır. Sonradan asılanda isə bu zaman əmələ gələn izlərin ölümdən sonra yarandığı aydın bilinir. Ardıcıllığı müəyyən etmək mümkün olur.
- Ümumiyyətlə, zəhərlənmə hallarının məlum olmayan növü var? Neçə cür zəhər var?
- Zəhərlər müxtəlif növ olur. Onlar təsnifatına görə bölünür. Elə zəhər var həmin an təsir göstərir, elə zəhər var mütəmadi qəbul edilərək orqanizmi yavaş-yavaş zəhərləyir. Zəhərlərin bir qismi orqanlara dağıdıcı təsir göstərir (sirkə turşusu), eləsi var qana təsir edir (narkotik, dəm qazı), eləsi var sinir sisteminə təsir göstərərək ölümə aparır. Onların hər birinin ayrı təyinetmə üsulları var.
- Bəs fəaliyyətiniz boyu sizi düşündürən hər hansı müəmmalı cinayət varmı? Yaxud müəmmalı bir cinayət olub, ona təxmini rəy vermisiniz, amma hələ də düşünürsünüz ki, səhvə yol vermisiniz.
- Hadisələr o qədər çox olub ki, hansı birini deyəcəyimi bilmirəm. Əslində, müəmmalı cinayətlərin çoxu cinayətkarların ikinci, üçüncü cinayətləri olub. Mənim praktikamda olub ki, hüquq sahəsində çalışan insan bir qızı baş nahiyəsindən ütü ilə vurub öldürüb, daha sonra cəsədi doğrayaraq kanalizasiya xətlərinə atıb.
Bizə çətinlik yaradan məqam cəsədin hissələrini tapa bilməmək idi. Lakin cəsədin başı tapıldıqdan sonra araşdırma aparıldı. Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı cinayətkar və istintaq zamanı cəsədin digər hissələri də tapıldı, ekspertizaya təqdim edildikdən sonra ölüm səbəbi təyin edildi.
Amma bu gün tibb çox inkişaf edib. Rəhbərliyimiz geniş və dəqiq araşdırmaların aparılması üçün mərkəzi bütün zəruri avadanlıqlarla təchiz edib. Təxmini rəydən, yalan nəticələrdən söhbət belə gedə bilməz. Müəmmalı cinayətlər isə olduqca çoxdur. Xüsusən narkotik vasitələrin qəbulundan müəmmalı ölüm halları ilə tez-tez rastlaşırıq.
- Əhali arasında belə bir fikir var ki, “əşi, yalan rəy verəcəklər, iş bağlanacaq da...” Sizi yalan rəy verməyə məcbur ediblərmi heç?
- Bu, ani psixoloji məqamda, hadisənin şokundan dolayı cinayət qurbanlarının yaxınlarının düşüncəsidir. Əksər hallarda biz bu fikirlərlə rastlaşırıq. Lakin onlar bu işin nə qədər çətin olduğunu, rəy verilənə qədər hansı prosedurların aparıldığının şahidi olsalar, bu fikirləri səsləndirməzlər. Xeyr, mən heç vaxt, heç kimin mənim işimə müdaxilə etməsinə icazə verməmişəm. Müayinənin nəticələrindən kənar rəy çıxarmamışam.
- Tibbi ekspert üçün minimum hansı dəlillər zəruridir? Təbii ki, DNT sınağı üçün lazım olanlar yoxdursa.
- Maraqlı sualdır. Tibb kifayət qədər inkişaf etdiyi üçün DNT daşıyıcıları olmasa belə, analizlər aparmaq olur. Lakin zəruri olan ilk dəlillər - qan nümunəsi, sümük iliyi, tük, sümük toxuması mütləq lazımdır. Bunları əldə ediriksə, müayinə aparılaraq dəqiqləşmə etmək olur. İlk olaraq şəxsiyyət təyin edilir. Daha sonra yaxınları ilə əlaqə saxlanılır və istintaq zamanı təfərrüat məlum olur.
BİR HADİSƏNİN ARAŞDIRILMASI ÜÇÜN BİZƏ YALNIZ BİR TÜK KÖMƏK ETMİŞDİ
- DNT daşıyıcıları üzərindəki toxumalar məhv olmur?
- Xeyr. Məsələn, bir hadisənin araşdırılması üçün bizə yalnız bir tük kömək etmişdi. Avtomobil qəzası zamanı sürücü hadisə yerindən qaçmışdı. Lakin avtomobilin qarşı hissəsində buferin altında vurulan şəxsin tükü qalıb. Sürücü dərhal avtomobili düzəltdirib, rəngləyib. Cəsədə baxılan zaman xəsarət əlamətlərindən avtoqəza olduğu bilinir. Lakin avtomobili tapa bilmirlər. Hadisənin üzərindən 4-5 ay keçdikdən sonra ailə yaxınları şübhələnir və şəxsin maşınına baxış keçirilməsinə nail olur.
Avtomobilə baxış zamanı kapotun altında rənglənən sahədə bir tük nümunəsi tapılır. Həmin tük cəsədin müayinəsi zamanı götürülən tük nümunəsi ilə qarşılaşdırılır. Məlum olur ki, tük ölən şəxsə məxsudur. Bu şəkildə daha bir cinayətin üstü açılıb və şəxs cinayət məsuliyyətinə cəlb edilib. İlahi ədalət hər zaman qalib gəlir.
- Tük nümunəsinin saxlanmasını vurğuladınız. Cəsədlərdən başqa hansı nümunələr saxlamısınız?
- Müxtəlif nümunələr olub. Dırnaqlar, tük, dırnaq arasında ət varsa, mütləq götürülməlidir. O, cinayətkar haqqında informasiya verə bilər. Qanunla biz o nümunələri mütləq götürməliyik. Naməlum meyitin şəkli çəkilməli, əynindəki paltarlar dəqiq yazılmalıdır, əl izləri götürülməlidir və s. Çünki şəxsin yaxınları tapıla bilər. O zamana qədər meyit çürüdüyü üçün ilkin formasını saxlamaq lazımdır.
- Naməlum cəsədlər ekspertiza morqunda nə qədər saxlanılır?
- Tam müddət yoxdur, əslində. Amma əsasən, bir aya qədər saxlanılır. “Formalin” deyilən maddə ilə cəsədin çürüməsi bir qədər azaldılır. Bu isə daxili orqanların çürüməməsini təmin edir. Bir aydan sonra hüquq-mühafizə orqanlarına məlumat verilir. Çünki cəsəddə çürümə prosesi gedir. Faktlar əsasında aidiyyəti orqanlara məlumat verilir və naməlum cəsədlər dövlət hesabına kimsəsizlər məzarlığında dəfn edilir.
- Misal üçün, kimin vəfatı ilə bağlı sizi ekspert kimi dəvət etmələrini istəyərdiniz?
- Əslində, o qədər cinayətlər olur ki, kənardan istintaqın gedişini izləyirik. Bəzən düşünürük ki, işi biz aparsaydıq, daha başqa cür yoxlayardıq və s. Amma bu, o demək deyil ki, həmkarlarımız işinin öhdəsindən gəlmir. Xeyr, əsla. Amma məhz cinayət işinə ekspert kimi mənim rəy verməyimi istədikləri çox olub.
NARKOLOJİ DİSPANSERDƏ YANANLAR ARASINDA ƏL-QOLU BAĞLI OLAN YOX İDİ
- Narkoloji dispanserdə baş verən yanğında, təəssüf ki, çoxlu insan həyatını itirdi. Həmin ekspertizada iştirak etmişdinizmi? Doğrudan, cəsədlərin əl-qolu bağlı olub?
- Təəssüf hissi ilə qeyd edim ki, bəli. Həmin hadisə zamanı xarici görkəmi nisbətən saxlanılan, əzaları üstündə və tam yanmayan cəsədləri müayinə etmək olurdu. Digərlərini də çətinliklə də olsa, müayinə edib rəy vermişdik. Birmənalı olaraq hadisə zamanı ilkin ölüm səbəbi dəm qazı ilə zəhərlənmə idi. Yanma fonu ölümdən sonra baş vermişdi.
Nəticədən şübhələnən ailə yaxınları olurdu. Tamamilə yanmış halda olan cəsədlərin kimliyini müəyyən etmək üçün DNT nəticələri götürülmüşdü. Sizi əmin edirəm ki, meyitlər arasında əl-qolu bağlı olan yox idi. Bu tamamilə həqiqəti əks etdirməyən iddialar olub.
- Belə iş insanı qəddarlaşdırmır ki?
- Yox, düşünmürəm. Rusların bizim sahə ilə bağlı maraqlı sözü var. Deyirlər ki, dünyanın ən şən adamları morqda çalışanlardır (gülür). Bu işin qəliz tərəfi çoxdur. Neqativ enerji, daim ölüm hadisələri, bir-birindən acınacaqlı halda gətirilən cəsədlər - bütün bunlar ilkin mərhələdə insanı bir qədər narahat edir.
Lakin sonradan işin gedişatını qəbul edirsən və normal qarşılamağa başlayırsan. Əslində, ölülərdən yox, dirilərdən qorxmaq lazımdır. Bu da maraqlı deyimdir. Bu, spesifik sahədir. Mən işləmədim, siz işləmədiniz. Axı kimsə bu sahədə işləməlidir.
- İlk yardığınız cəsədi xatırlayırsınızmı?
- Qəfil ölüm hadisəsi olub. Yadımda qalmayıb kişi idi, yoxsa qadın. Amma ürək tutmasından qəfil dünyasını dəyişmişdi.
- Meyitə əl vurandan sonra qida qəbul etmək çətin olmur ki?
- Bu sualı verməyinizi başa düşürəm. Amma xeyr, heç bir qeyri-adilik yoxdur. Biz də sizlər kimi işdən sonra normal həyat tərzimizə davam edirik.
- Heç işinizlə bağlı sizi təhdid edən, qorxudan olubmu? Aldığınız ən qorxulu təhdid hansı olub?
- Çox olub. İnsanlar ağır vəziyyətdə olduğu üçün biz bu kimi təhdidlərə fikir vermirik. Elə ciddi mərhələyə gedib çıxacaq təhdidlər olmayıb. Amma insanların ağrı-acısını başa düşmüşük. Onlarla danışıb, vəziyyəti yoluna qoymağa çalışmışıq.
HEÇ BİR KABUS GÖRMƏMİŞƏM, QEYRİ-ADİ SƏSLƏR EŞİTMƏMİŞƏM
- Ölülərlə “işləməyə” başlayan şəxslər başlanğıcda hər zaman kabuslar görür, hansısa səslər eşidirlər. Sizdə də olubmu?
- Xeyr, olmayıb belə hallar. Bəzən düşünürlər ki, bizim psixologiyamız qaydasında deyil, işimiz artıq bizim ruhi vəziyyətimizi sıradan çıxarır. Amma bu, qətiyyən belə deyil. Biz həkimik. Bütün bu nüansları nəzərə alırıq. Heç bir kabus, qeyri-adi səslər eşitmirik (gülür).
- Sonuncu baxdığınız iş hansı olub?
- Sonuncu dəfə intihar olub. Bir kişi ağır xəstə olduğunu öyrənib və ailəsinə yük olmamaq üçün intihar etmişdi. Onun ekspertizasını aparmışam.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR