» » ABŞ-ın qlobal demokratiya oyunu

ABŞ-ın qlobal demokratiya oyunu

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 iyun 2014
//
Bölmə: Dünya / Gündəm
ABŞ-ın qlobal demokratiya oyunu



Bu ad altında spekulyasiya edildiyini görməmək mümkün deyil
Dünyaya demokratiya dərsi keçən aparıcı Qərb ölkələri və o cümlədən ABŞ-ın qlobal fəaliyyətini nəzərdən keçirərkən onun bu ad altında spekulyasiya ilə məşğul olduğunu görməmək mümkün deyil. Planetin müxtəlif regionlarında "təşkil edilən" "inqilablar"ın, dövlət çevrilişlərinin nəticələri yuxarıdakı fikrin doğruluğunu bir daha təsdiq edir. Diqqət yetirsək görərik ki, "inqilab"ların reallaşdırıldığı ölkələrin nə siyasi sistemində, nə də cəmiyyətlərində inqilabi situasiya yetişmişdi. Sadəcə olaraq, kənar müdaxilə nəticəsində xüsusilə də "beşinci kalon"un əli ilə ölkələrdə süni etirazlar təşkil olunmuş, ardınca silahlı müxalifət yaradılmaqla legitim hakimiyyətlər devrilmişdi. Hazırda isə həmin ölkələrdə əvvəlki sabitliyi, insanların firavan, dinc yaşayışını bərqərar etmək müşkülə çevrilib. Bu, Qərb və xüsusən ABŞ-ın qlobal demokratiya oyununun bir istiqamətidir.

Digər istiqamət isə guya dünyada demokratiya və insan hüquqlarının inkişafına dəstək vermək, əslində isə Qərbin, əsasən də ABŞ-ın ayrı-ayrı dövlətləri öz nəzarətinə almaq məqsədilə yaradılmış QHT-lər vasitəsi ilə həyata keçirilən siyasətdir.

Həmin təşkilatlar "Artikl 19", "Amnesty İnterneşnl", "Fredoom House", İREX, Sərhədsiz Repartyorlar və s. olmaqla onlarladır. Həmin təşkilatlar ABŞ və Qərbin maraqlarından deyil, öz milli maraqlarından çıxış edən dövlətlərdə guya demokratiya və insan hüquqlarının məhdudlaşdırılması ilə bağlı materialların yer aldığı hesabatlar hazırlayıb yaymaqla məşğuldurlar. Hər dəfə bu hesabatlarla tanışlıq onların qərəzli olduğunu çılpaqlığı ilə ortaya qoyur.

Məlum olduğu kimi, hesabatlarda əksini tapan məlumatlar ayrı-ayrı ölkələrdə Qərbin dəstəyi ilə yaradılmış QHT-lərdən əldə olunur. Həmin QHT-lər isə çox vaxt obyektiv deyil, sırf subyektiv mülahizələrdən çıxış edərək hazırladıqları məlumatları ötürürlər. Bu cür QHT-lərin yaradılmasına və ümumiyyətlə, ölkələrdə "beşinci kalon"ların formalaşdırılmasına Qərb tərəfindən külli miqdarda pulların sərf olunduğu sirr deyil.

Məsələn, ABŞ təmsilçisi Viktoriya Nuland Avromaydan etirazlarının ən qızğın çağında - 2013-cü il, dekabrın 13-də Vaşinqtondakı Milli Mətbuat Klubunda açıq mətnlə demişdi ki, “ABŞ Ukraynada təşviqat işlərinin aparılmasına on milyonlarla dollar xərcləyib”. Qərb tərəfindən Azərbaycanda da "vətəndaş cəmiyyətinin inkişafına" 2003-2013-cü illərdə on milyonlarla dollar pul ayrıldığı barədə məlumatlar yayılıb.

Demokratiya adı altında ölkələrə təzyiq göstərməyin, ölkələrin daxili işlərinə qarışmağın başqa bir yolu isə Qərb parlamentlərində təşkil edilən müzakirələrdir. Məsələn, ABŞ Konqresində bu və ya digər ölkə barəsində dinləmələr təşkil olunur, həmin ölkələrin demokratik inkişafının səviyyəsi "qiymətləndirilir". Bir dövlətin öz qanunverici orqanında digər bir suveren dövlətlə bağlı müzakirə və dinləmələr keçirməsi birmənalı olaraq onun daxili işlərə qarışmaq kimi qiymətləndirilməlidir.

Digər ölkələrdə demokratiyanın səviyyəsini qiymətləndirməyə çalışan Qərb ölkələrinin, o cümlədən ABŞ-ın siyasi sistemini nəzərdən keçirərkən isə burada demokratiya və insan hüquqları ilə bağlı vəziyyətin heç də ürəkaçan olmadığını təsdiq edən çoxsaylı faktlarla rastlaşmaq mümkündür.

Məsələn, 2011-ci ildə ABŞ-da "Wall Street-i işğal et" etiraz hərəkatının aksiyaları zamanı dövlət bir sıra ciddi məhdudlaşdırıcı addımlar atmış, söz azadlığına, sərbəst toplaşmaq hüququna məhdudiyyətlər qoymuş, hətta aksiyaları güc tətbiqi ilə dağıtmışdı.

İngiltərədə isə 2011-ci ilin yayında sosial mediada müxalif fikirlərlə çıxış edən gənclərə qarşı inzibati güclərin işə salınması faktı yaşanmışdı. Həmin ilin 4 avqustunda 29 yaşlı Mark Daqqanın qətlə yetirilməsindən sonra hakimiyyətlə vətəndaşlar arasında kəskin qarşıdurma xarakteri daşıyan proseslər yaşanmışdı.

Birləşmiş Krallığın baş naziri David Kemeron küçə bandalarının Facebook və Twitter sosial şəbəkələri ilə fəaliyyətlərini əlaqələndirdiklərini əsas gətirərək sosial şəbəkələr vasitəsilə çağırış edənlərin müəyyənləşdirilərək məsuliyyətə cəlb ediləcəklərini bildirmişdi. Bundan sonra həyata keçirilmiş tədbirlər nəticəsində 2 min adam həbs edilmişdi. Facebook-da sosial çağırışlar edən iki gənc - Çeşir qraflığının sakinləri 22 yaşlı Perri Satkliff-Kinan və 20 yaşlı Cordan Blekşou 4 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Bu gün təəccüb doğuran məqam ondan ibarətdir ki, ABŞ və İngiltərə kimi dövlətlər digər qeyri-Qərb dövlətlərinin eyni situasiyada atdığı analoji addımları demokratiyaya zidd hərəkət kimi qiymətləndirir.

Onların yaratdığı şəbəkəyə daxil olan bir sıra beynəlxalq QHT-lər də xor şəklində öz etirazlarını bildirir, hətta sanksiyalara belə, əl atırlar. Lakin ABŞ və İngiltərədə baş verən hadisələrə heç bir beynəlxalq QHT tərəfindən ciddi irad bildirilməmişdi. Bu da onu göstərir ki, demokratiya, plüralizm və s. kimi gəlişi gözəl şüarlardan ABŞ və Qərb konkret məqsədlər üçün istifadə edir.

ABŞ-ın demokratiya, insan hüquqları ilə bağlı dünyaya dərs keçməsinə mənəvi haqqının olmaması baxımından politoloq, siyasi elmlər doktoru Elman Nəsirovun bir müddət öncə apardığı təhlili də maraqlı və əsaslı arqumentlərlə zəngindi. Politoloq qeyd edir ki, ABŞ-da “Ku-kluks-klandan ta Quantanama”ya qədər insan haqlarının pozulması deyil, hədəfində insanın tam hüquqsuz vəziyyətə salınaraq cismani məhvinə ünvanlanmış siyasət artıq “top secret” qrifi altından “azadlığa” çıxmışdır. Bu məlumatlar artıq hər kəsə bəllidir.

İkincisi, ABŞ insan alverinə, fahişəliyə məcbur etməyə, irqi diskriminasiyaya və insanların oğurlamasına qadağa qoyan beynəlxalq konvensiyaları hələ də ratifikasiya etməyib. ABŞ insan hüquqlarının müdafiəsi ilə bağlı 9 əsas beynəlxalq sənəddən yalnız 3-i ilə bağlı üzərinə öhdəlik götürdüyünü bəyan edib.

E.Nəsirovun fikrincə, ABŞ-da ksenofobiya və irqçilik qorxulu səviyyədə inkişaf tempinə malikdir. Sosioloqlar hesab edirlər ki, ABŞ əhalisinin 15-20%-ni ksenofob adlandırmaq olar. Təxminən o qədər də amerikalının düşüncəsinə görə İslam dininin daşıyıcıların bu və ya digər formada hökumətdə təmsilçiliyinə imkan vermək olmaz.

Dördüncü arqument kimi, politoloq ABŞ-da uşaq hüquqlarının qorunması ilə bağlı vəziyyətin narahatlıq doğurduğunu göstərir. Belə ki, ölkənin 15 ştatında qanunvericilik qaydasında uşaqlara bədən cəzası verilməsinə icazə verilir. Onlara cəza verilərkən yeməkdən məhrumetmə, naşatır spirtinin tətbiqi və s. kimi qeyri-insani təzyiq vasitələrdən istifadə olunur.

Beşincisi, ABŞ-da söz azadlığının qorunması sahəsində ciddi problemlər mövcudluğu qeyd olunur. 2012-ci ilin yanvar ayında “Sərhədsiz repartyorlar” təşkilatı bu sahədə ABŞ-ın reytinqini 27 bənd üzrə aşağı salıb. 2013-cü ildə mətbuat azadlığının qlobal indeksində ABŞ 47-ci mövqedə dayanıb.

Altıncısı, Çin Xalq Respublikasın 2013-cü ildə ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı 2014-cü ildə yaydığı hesabatda qeyd olunur ki, ölkədə bu sferada vəziyyət getdikcə pisləşməkdədir. Hesabatda vurğulanır ki, ABŞ bugünədək uşaq, ana və əlillərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq konvensiyalara qoşulmamışdır. Hesabatda göstərilir ki, ABŞ xüsusi xidmət orqanların uzun müddət ərzində PRİSM xəfiyyə proqramından istifadə etməsi beynəlxalq hüquq və insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Burada xüsusi olaraq vurğulanır ki, ABŞ-ın dünyanın müxtəlif ölkələrində pilotsuz uçuş aparatlarından istifadəsi dinc əhali arasında çoxsaylı itkilərlə müşayiət olunmuşdur. O cümlədən 2004-cü ildən Pakistanda ABŞ pilotsuz təyyarələri 376 uçuş həyata keçirmiş və nəticədə 926 nəfər dinc insan həlak olmuşdur.

Bütün bunlar isə göstərir ki, demokratiyadan dəm vuran, onu müxtəlif leqal və qeyri-leqal yollarla ixrac etməyə çalışanlar ilk növbədə öz cəmiyyətlərində demokratiyanın bərqərar olmasına çalışmalıdırlar.


QafqazPRESS.az
banner125x125 banner125x125