» » Atilla varisləri yurdunun açılmayan sirləri

Atilla varisləri yurdunun açılmayan sirləri

Müəllif: Nicat Əmirov
//
Tarix: 29 oktyabr 2014
//
Bölmə: Ədəbiyyat
Azərbaycan tarixi böyük bir xəzinədir. Sanki qalın bir kitab kimi səhifələrini vərəqlədikcə yeni-yeni axtarışların izinə düşürsən. Hər tapıntı səni özünə daha çox heyran qoyur.
Mənim ixtisas seçimində bu heyranlığın böyük rolu var. Hələ Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil aldığım illərdə beynimdən çıxmayan bir gizli şəhər vardı. Nə vaxtsa onun izinə düşəcəyimi bilirdim. İllər keçdi, həyatın qayğıları başımı qatdı. Amma mən gizli şəhərimi unutmamışdım. Beləcə, builki məzuniyyətimi alıb üz tutdum dünyanın ən gözəl yerlərindən biri olan Tovuza. Arzumu da özümlə apardım...
Bu illər ərzində Abdalı Azərbaycanın hər dağında, daşında gözüm axtarsa da ürəyim mənə bu cənnətin də Tovuzda olduğunu deyirdi. Yanılmamışdım.
Türkdilli Abdal şəhəri... Bu şəhər indiki Avdal kəndindən 8 km məsafədə, Avdal çayının baş tərəfində, Şəmkirlə sərhəddə yerləşir. Belə ki, ordan Şəmkirə dağların arası ilə 4 km yol var. Bir tərəfdə isə Gədəbəy rayonudur. Ora Sarı Taladan 6 km-lik bir yol gedir.
Əvvəlcə bir az abdallar və sözügedən şəhər haqqında məlumat verək. Albaniyanın köklü sakinləri, ölkədə aparıcı rola malik olan abdallar tarixdə geniş yer tutan türkdilli tayfalardır. Təəssüf ki, Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər, amma həqiqət budur ki, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdır. Çünki biz bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırıq. Başqa millətlərin nümayəndələri olan tarixçilər bizim tariximizə hansı təəssübkeşliklə yanaşa bilərlər ki?
Nəticə məlumdur. Onların fərziyyəsinə görə, abdallar əslində başqa bir dildə danışırdılar və guya sonradan türkləşmişdilər. Bu fərziyyələr həqiqətən də gülüncdür. Diqqət edin, “Kitabi-Dədə Qorqud”da oğuzlarla yanaşı qıpçaqlardan da gen-bol bəhs edildiyi, bu iki türk xalqarı arasında güclü rəqabət olduğu danılmaz faktdır.
Albaniyada əhali müxtəlif dillərdə (I əsr müəllifinə görə, 26 dildə) danışırdı. Onlardan biri də ən qədim türk tayfası, dağ oğuzlarından ibarət bir nəsildən olan türkdilli abdallardır.
İndi isə Tovuzun cənnəti Xınna dərəsindən söz açaq. Xınna dərəsi öz füsunkar təbiəti, təmiz havası, bumbuz bulaqları, əzəmətli dağları, sıx meşələri və qədim qalaları ilə əsl təbiət möcüzəsidir. Tovuz adı ilk dəfə yazılı şəkildə VII əsrdə yaşamış alban tarixçisi Musa Kalankatlının “Albaniya tarixi” əsərində Tavuş kimi qeyd olunub. Xınna dərəsində Abdal çayının olduğunu hələ uşaqlıq illərindən bilirdim.
Bu dəfəki axtarışım da elə həmin Abdal kəndindən Abdal çayının qırağındakı meşənin içindən başladı. Səhər saat 9-da yola düşdük. Maşını çayın kənarında saxlayıb dağların arası ilə piyada getməyə başladıq. Sıx meşəliyin ardınca dağlara uzanan yol bizi zirvəyə aparırdı.
Beləcə, düz 8 km yol getdik. Və budur, Abdal şəhəri qarşımızda idi. Bu, bir möcüzədir. Ayaqlarım yerə yapışmışdı. Yerin altında 200-dən artıq evin, məbədin, sarayların fundamenti vardı. Əsrlər bu şəhəri yer üzündən silməyə çalışmışdı, amma tarixdən silməyə gücü çatmamışdı. Yer altında bu şəhərə aid zəngin qalıqlar vardı. Sadəcə bir məbəd salamat qalmışdı. Ora yaxınlaşdım. Bu 3 mindən artıq yaşı olan, xristianlıqdan əvvəl tikilən Ay məbədi idi. Üstündəki alban xaçı sonradan vurulmuşdu. Məbəddə ölümün sonsuzluğuna və çox qədim dövrlərə aid izlər vardı.
Biz ordan çıxanda hava qaralmaq üzrəydi. Amma adam bu sehrli məkandan ayrılmaq istəmirdi. Bura tarix qoxuyurdu, əsrlərin o üzündən gələn səsləri duyurdun. Heç ağlımıza da gəlmirdi ki, gecə qaranlığında 8 km yolu geriyə qayıtmalıyam. Abdal şəhərini tapmışdım, sevincdən hər şeyi unutmuşdum. Sanki öz evimdəydim, getmək istəmirdim. Elə bil mənə güc gəlmişdi. Bir dostuma zəng vurub ondan bu yaxınlarda kənd olub-olmadığını soruşdum. Heç üç dəqiqə keçməmiş Meşə İdarəsinin müdiri zəng elədi. Mən onu tanıımasam da o, məni yaxşı tanıyırdı. Dediyinə görə, mənim “Çingiz xanın xəzinəsi” kitabımı oxumuşdu. Yerimi soruşdu, olduğum yeri dedim. O, mənə kilsəlikdə oduğumu, bir tərəfimdə Gədəbəy, bir tərəfimdə isə Şəmkir rayonlarının yerləşdiyini, bir azdan meşəbəyini yanıma göndərəcəyini dedi.
Bir neçə saat da Abdal qəbiristanlığını ziyarət elədim. Elə bu vaxt meşəbəyi gəldi. Bir yandan sevinirdim ki, gecəni meşədə keçirməyəcəm. Bir yandan da ulu babalarımıza məskən olan bu yerlərdən ayrılmağa ürəyim gəlmirdi. Meşə İdarəsinin müdiri Məmməd bəy Sarı Taladan yol olduğunu bildirdi. Bu məbəddən birinin də Abdal çayının sağ sahilində olduğunu dedi. Biz dağın zirvəsindəydik. Mən oraya necə gedə biləcəyimizi soruşdum. O da öz növbəsində ora 7 saatlıq bir yol olduğunu, yenidən çaya düşüb, oradan dağın başına qalxmalı olduğumuzu bildirdi.
Xarabalıqları göstərib oranın nə olduğunu soruşdum.
“Hə, siz kalafaları deyirsiniz (kalafa kənd yerində çökək yerlərə deyilir-C.Q.). Mən sizə bu yerin bir sirrini açım, baxın, buranın qışı çox sərt keçir, yağan qar yaza qədər yerdə qalır. Ərimir. Bu sizin dediyiniz yerdə isə əksinə, ordan həmişə isti buğ qalxır. Mən buranın sirrinə, möcüzəsinə mat qalmışam. Ona görə ki, bura əvvəllər şəhər olub. Bax, həmin çökəklər də evlər və sarayların yerləridir” - deyə izah verdi.
Meşəbəyi ilə Sarı Talaya qalxıb oradan da Xınna dərəsinə endik. Hava qaralmaq üzrəydi. Maşınımızı indiki Abdal kəndiylə Əhmədabad kəndinin arasındakı yolun kənarında saxlamışdıq. Beləcə Səlcuq oğuzları, Azərbaycanın yerli, oturaq türkdilli əhalisi olan dağ oğuzları abdalları, bizim əcdadlarımızın qədim məskənlərini ziyarət elədik. Çoxlu şəkillər çəkdik, onları Milli Elmlər Akademiyası Tarix İnstitutunun professoru Cəbi müəllimə göndərdim.
Elə düşünürəm ki, bu gizli şəhərim barədə arxeoloji qazıntılar aparmağın vaxtı gəlib çatıb. Havaların soyuması ilə bağlı gecikmələr ola bilər. Alban tarixini araşdıranda görürük ki, eramızın 510-cu ilində Albaniya dövləti Sasanilər imperiyası tərəfindən işğal olunub. IV əsrdən VII əsrə qədər Atropatenaya məxsus olub. Albaniya dövləti təxminən min il ömür sürüb və ərəb işğalı nəticəsində VIII əsrdə süqut edib. Xınna dərəsində Xunan şəhəri yerləşib. 830-cu ildə Babəkin başçılıq etdiyi ordunun ərəblərə qarşı ən şiddətli müqaviməti burada olub. Abdal kəndi adını burada yaşayan qədim qəbilədən alıb.
Abdallar I-IV əsrlərdə Zaqafqaziyada geniş yer tutan türkdilli tayfalardan biridir. Azərbaycanın xüsusilə Qarabağ bölgəsində eyniadlı kəndlər çoxdur.
V əsr Roma müəlliflərinin qeydlərində Albaniyanın köklü sakinləri abdallardan danışarkən onları mənşəcə Hun tayfalarından hesab edirdilər. Qədim türkcədə abdal “ov Tanrısı” anlamında işlənib. “Kitabi-Dədə Qorqud”da albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi təqdim olunur.
Şərqşünas-alim Süleyman Əliyarov bu barədə yazır: “Türkiyəli tədqiqatçı Ergin “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsindəki əlyazmada hər iki halda “alpanlar” yazıldığını bildirmişdir. Kitabda “alpanlar” etnoniminə rast gəlinməsi onun Azərbaycanda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ərsəyə gəldiyini sübut edən dəlildir. Bu xalq eramızdan əvvəl lV əsrdən etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda yaşamışdır. Sah İsmayıl Xətainin, İmadəddin Nəsiminin Abdal oldugunu bildirmisdir. Hətta bir neçə şerində özünün də abdal olduğuna işarə etmişdir:
Xətaiyəm, bir halam Əlif üstündə dalam,
Sufiyəm təriqətdə, həqiqətdə abdalam”.
Məncə, bu araşdırmalardan sonra Azərbaycan tarixində yeni bir səhifə açılacaq. Hər birimiz tutduğumuz vəzifədən, peşəmizdən asılı olmayaraq tarximizi yaşatmalı, qorumalıyıq. Bizim ona ögey münasibət bəsləməyə haqqımız yoxdur. Unutmamalıyıq ki, Azərbaycanın yurd yerlərinin milli-mənəvi coğrafi adları dəyişdirilib, erməniləşdirilib. Saxtakar qonşularımız bu gün də öz tamahkar əməllərini davam etdirirlər. Üstəlik dünyaya ermənilərin maddi-mədəni abidələri kimi təqdim edirlər. Biz niyə əliboş oturaq?! Məzuniyyətimin vaxtı qurtardığından araşdırmamı sona çatdıra bilmədim. Eyni zamanda 7 kilsə, alban abdalları ilə bağlı məlumatlar əldə eləmişəm. Attilanın nəvələri uzun illər bu dağlarda məskunlaşıblar. Attila ordusunun etibarlı sərkərdələri də məhz Abdaldan olublar.
Bəzi mənbələrin məlumatlarına görə, türk hökmdarı Atillanın ölümündən sonra övladları öz düşmənlərindən məhz burada gizləniblər. Bu mövzuda araşdırmam davam edir. Qədim Hun türk tarixindən Abdal şəhəri haqqında tarixi roman yazıram. Keçən il “Koroğlu qalası”nın sirlərinə aydınlıq gətirməyə çalışdım. Tarixin daşlaşmış yaddaşını öz köksünə əks eləyən dağların içərisində tariximizin sirləri gizlənir. “Çingiz xanın xəzinəsi” kitabımın nəşrindən sonra əsrlərdir dağın içinə oyulmuş, bağlı qalmış dağın qapısı söküldü və tarixçilər el arasında “Koroğlu qalası”nın elmə bəlli olmayan sirləri ilə qarşılaşdı. Dağın içində saray aşkar edildi. Orta əsrlərdə dağın içində qırmızı kərpicli saraylar üzə çıxdı. Bu, bizim kəşf eləməyimizi gözləyən dörd saraydan hələ ki, biridir. Bu dağın bizə deyəcək çox sözü, üzə çıxmamış çox sirri var...


Cəlaləddin Qasımov
Araşdırmaçı-tarixçi


Atilla varisləri yurdunun açılmayan sirləri

Atilla varisləri yurdunun açılmayan sirləri

Atilla varisləri yurdunun açılmayan sirləri

Atilla varisləri yurdunun açılmayan sirləri

Atilla varisləri yurdunun açılmayan sirləri

Atilla varisləri yurdunun açılmayan sirləri

Atilla varisləri yurdunun açılmayan sirləri

Atilla varisləri yurdunun açılmayan sirləri

Atilla varisləri yurdunun açılmayan sirləri

Atilla varisləri yurdunun açılmayan sirləri
banner125x125 banner125x125