» » Azərbaycanlı bəstəkar xanım: "Bədənim açıq olanda çox əsəbi oluram"

Azərbaycanlı bəstəkar xanım: "Bədənim açıq olanda çox əsəbi oluram"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 iyul 2014
//
Bölmə: Mədəniyyət
Azərbaycanlı bəstəkar xanım: "Bədənim açıq olanda çox əsəbi oluram"



Tanınmış bəstəkar Gövhər Həsənzadə yayda istirahət etməyi sevmir. Yenə işinin başında, gərgin iş rejimindədir.
Milli.Az bildirir ki, amma bir az imkan tapıb teleqraf.com-un suallarını cavablandırır və maraqlı fikirləri ilə heyrətləndirir.

Gecə həyatı, diskoteka

Onunla söhbətə istirahətdən başlayırıq. Harada və necə istirahət etməyindən danışır bəstəkar xanım: “Hələ ki, istirahət edə bilməmişəm. Çünki hələ həll etməli olduğum ailə və studiya işləri var. Həll etsəm, bəlkə avqustun ortasından sonra istirahətə getdim. Lahıc çox maraqlı yerdir, öz qızımı və bacımın uşaqlarını götürüb ora aparmaq istəyirəm. Bir də Naxçıvandakı Əshabi- Kəhfi ziyarət etmək istəyirəm. Azərbaycan təbiət baxımından mənim üçün hər zaman birinci yerdə olub. 30-dan çox ölkə gəzmişəm və əminliklə deyə bilərəm ki, Azərbaycanın təbiətindən heç yerdə yoxdur. Amma deyə bilmərəm ki, bölgələrimizdəhansısa otelə getmişəm, mənə xidmət göstəriblər, bu, olmayıb. Belə təbiətimizlə təqdim etdiyimiz xidmət əla olsa turizmimiz inkişaf edər. Türkiyə turizmindəki xidmətin yanında biz kölgədəyik. Təvazökarlıqdan uzaq, mən həmişə beş ulduzlu otellərdə qalmışam və çox yüksək səviyyəli xidmətin şahidi olmuşam. Bunlar məsələnin bir tərəfi, əslində mən ümumiyyətlə, yayda istirahəti başa düşmürəm. Çünki dəniz, günəş, isti, qum, çimərlik geyimlərini sevmirəm, bədənim açıq olanda çox əsəbi oluram. İnsan var ki, açıq geyinməyi, gün qəbul etməyi, qaralmağı çox sevir. Mənim üçün mənəvi istirahət daha önəmlidir. Payız fəslini çox sevirəm və çalışıram ki, qızımla bərabər yayda yox, onun tətilləri olan vaxtlarda istirahət edim, xarici ölkələrə gedim. Sakit, boş dayana bilmirəm, beynimi yeni nələrləsədoldurmasanəsəbləşirəm. Bu heç də o demək deyil ki, öz başıma problem axtarıram, xeyir mazaxist deyiləm. Getdiyim bütün ölkələrdə imkan tapan kimi tarixi abidələr, muzeylərə baş çəkirəm, maraqlı insanlarla tanış oluram. Gözümlə gördüyüm yeni nələrsə beynimə yazılır və mən belə istirahət edirəm. Amma qəti sürətdə əynimə paltar geyinim, saatlarla dənizin, hovuzun qırağında oturum, restoranlara gedib yemək yeyim, ziyafətlərdə vaxt keçirim, gecə həyatında hansısa diskotekada səhərəcən tərləyim, bunlar mənlik deyil. Uşaqlığımdan indiki günə qədər belə şeylərdən həmişə uzaq olmuşam. Mənimlə işləyən insanların hamısı deyə bilər ki, tədbir bitəndən sonra Gövhəri ziyafətdə görmək mümkün deyil, çünki qaçıram evə Nilgünün yanına....(Nilgün Gövhər Həsənzadənin qızıdır. N.M) Orda keçirdəcəyim vaxta heyfim gəlir, darıxıram. Allah hamıya öz evində işiyində, rahatçılıq, ruzi –bərəkət, evində sakitlik qismət eləsin. Və bir də Allah qismət eləsin halal öz pulları ilə istirahət etsinlər”.

Nilufər vazkeçdimi?

Gövhər xanım pop ifaçı Nilufərlə işbirliyinin danışır. Xəbər verdiyimiz kimi bəstəkarın “Bəs mən indi neyləyim?” mahnısı Nilufərin may ayında çıxmalı olan albomunda yer almalı idi. Amma gözlənilməz hadisələr baş verib: “Bir müddət öncə Nilufər xanımla danışdım. Anası rəhmətə getdiyinə, xəstəliyi ilə bağlı problemləri olduğuna görə albom işləri uzandı. Bilirəm ki, Nilufər xanım mahnını artıq ifa edib. İstəyirdim ki, may ayında mən də, sizlər də o ifanı eşidək, amma alınmadı. Düşünürəm ki, həmin mahnını sentyabrda eşidəcəyik”.

“Aygün xanım heç nə edə bilmədi”

Nilufərin ardınca “Tual” qrupu da bəstəkarın mahnılarını ifa edəcək. Bu qədər tələbat varkən, bəstəkar xanım Türkiyə şou-biznesində olmadığını deyir: “Türkiyənin sənət biznesinə qatılmaq üçün orada yaşayıb yaratmaq və onların dinləyicilərinin bəyəndiyi mahnılar yazmaq lazımdır. Mən elə mahnılar yazmıram, yazmaq da istəmirəm. Bu öz adıma deyə biləcəklərimdir. O ki, qaldı sənətçilərimizə. Əzizə Mustafazadə dünyada caz musiqisinin tanınmış simasıdır. O Azərbaycandan kənarda Avropa şou-biznesinin içində fəaliyyət göstərir və bura qastrol səfəri zamanı gəlir. Bax, bu Avropa sənət dünyasında olmaq, fəaliyyət göstərmək deməkdir. Amma nə Aygün xanım, nə Brilliant xanım, nə Röya Azərbaycan sənətçisi adını, dinləyicisini atıb Türkiyə şou-biznesinə qoşulmaq mövqeyində olmayıblar. Sadəcə yaradıcılıqlarını orada da istifadə ediblər. Bunu tez-tez səhv salırlar və sonra belə yalnış fikirlər yaranır: “Aygün xanım getdi heç nə edə bilmədi”, “Brilliant xanım neçə illərdir ordadır, amma tanına bilmir” və s. Bu çox səhv mövqedir. Sadəcə anlamaq lazımdır ki, onlar Türkiyədə Azərbaycan tamaşaçısı üçün bəzi məhsulları hazırlayıblar və bizim sənətimizi ora daşıyıblar”.

“İradə, Yeganə Türkiyə sənətçisi olmaq istəməyiblər”

“Bəs Türkiyədə yaşayan İradə İbrahimova və Yeganə bunu edə bilərdilərmi” sualıma cavab özünü çox gözlətmir: “Edə bilərlər. Amma mən bilirəm ki, ikisi də Türkiyə sənətçisi olmaq istəməyiblər. İnanmıram ki, Azərbaycanın hər hansı ifaçısı hansısa ölkəyə gedib həmin ölkənin sənətçisi olmaq arzusundadır. Bizim sənətçilər dünyaya Azərbaycan sənətini daşıya-daşıya öz imzalarını tanıdırlar. Bu çox gözəl xüsusiyyətdir və bununla fəxr etməyə dəyər”
.
“Yazıqların işləri lap çətindir”

Gövhər xanım Azərbaycanda şou-biznes olduğunu əminliklə söyləyir və ulduz olmağın yollarından danışır: “Kim deyirsə ki, bizdə şou-biznes yoxdur, yalan deyir. Bizim şou-biznesdə ulduz olmaq istəyənlər üçün proqram var: filan bəstəkara pul verib keyfiyyətli mahnı alacaqsan, filan radio, televiziyaya çıxacaqsan, filan jurnalın üz qabığının siması olacaqsan. Yəni siravi insanın ulduz olması üçün bu proqramdan istifadə edilir. Amma tənzimlənmiş qaydada hər kəsin hüquqlarının qorunduğu bir mühit yoxdur bizdə. Mahnılara şeir yazan şairlərimiz var, yazıqların işləri lap çətindir. Onların adları heç yerdə qeyd olunmur. Və 99 faizi pulsuz mahnıya pulsuz mətn yazır. Bizdə pərakəndə vəziyyət, açıq bazar sistemidir”.

Bu qrupa ehtiyac var idimi?

Gövhər xanım yeni yaratdığı “Ada” qrupunun gələcəyinə çox ümidlidir. Deyir, Azərbaycanda savadlı rok musiqinin dinləyicisi çoxdur: “Həqiqət, çağırış, düşüncə, ritm, dinamika, hayqırtı musiqisi olan rok bugünki Azərbaycanımıza çox yaraşır. Ən azından torpaqlarımızın işğalı ilə bağlı apardığımız mübarizə, dinamik inkişafımızla biz dünyanın diqqətini özümüzə cəlb edə bilmişik. Rok musiqisi də bu mənaya xidmət edir. Azərbaycanda yetərincə peşəkar, savadlı rok musiqinin dinləyicisi çoxdur. “Ada” qrupunun üzvləri hazırda istirahətdədirlər, avqustun 20-dən sonra yenidən toparlanacağıq. Sentyabr ayında qrupun böyük bir layihədə yarım saatlıq çıxışı nəzərdə tutulur. İlin sonunacan albom üçün mahnılar hazırlayırıq. Hətta ola bilər ki, sentyabr ayında qrupun yeni studiyasının açılışı olacaq. “Ada” hələ ki, dünya ulduzlarının musiqilərini ifa edirlər. Çünki biz indi heç kimə bəlli olmayan, yad ideyaları gerçəkləşdirməyə çalışsaq tamaşaçı bizi qəbul etməyəcək. Bu tədricən baş verəcək. Əgər tamaşaçı roku dünyadan qəbul edirsə, bizdən də edəcək”.

“Məsələn, Konçita kimi...”

“Bəs “Ada” ağır rok oxuyacaqmı” sualına cavab axtarıram. Deyir, həyatda heç nəyin ağırlığını sevmir: “Məsələn, mən “dla-lya-bam-bom” tipli müasir avanqard klassik musiqiləri anlaya bilmirəm. Halbuki, konservatoriya bitirmişəm, professional bəstəkaram. Əgər bu klassik musiqidirsə, onun gözəl musiqisi, harmoniyası olacaq. Mən hər şeyin sanballısının və möhtəşəminin tərəfdarıyam. Eləcə də satanistlərə yaxın olan ağır roku sevmirəm. Və “Ada”da ağır rok olmayacaq. Onlar dünyaya etiraz edib, qara dünyaya yönəlirlər. Belə etiraz musiqisini heç vaxt qəbul etməmişəm. Bilirsiz, yoluxucu xəstəliyə tutulan insanlar bunu başqalarına da yaymağa çalışırlar. Əgər biri həyatın qanunlarına uyğun yaşamırsa, başında problem varsa, o istəyir ki, ondan çox olsun, ona dəstək verənlər çoxalsın. Məsələn, Konçita kimi...Onlar bilə-bilə ki, düz yolda deyillər, səhvlərini doğru olan kimi qəbul etdirmək üçün dəstəkçilərin sayını artırırlar. Çoxluq keyfiyyət deyil. Pis şey həmişə çoxdur- bu aksiomadır. Çünki pislik etmək çox asandır. Yaxşılıq etmək çətindir. Bir dəfə “Eurovision” üçün “Day afterday”i yazıb, 8 il o mahnını baş ucalığı kimi saxlamaq çətindir. Amma Kontiça kimi özünə saqqal qoyaraq bütün dünyanın xəstələrinin səsini toplamaq çox asandır”.

“Allaha bağlıyam”

“Mən fikirləşirəm ki, Tanrı nəyi necə yaradıbsa, insan da ancaq onu əks etdirə bilər öz yaradıcılığı ilə...Tanrının yaratdığına qarşı çıxıb, onda səhv tutub, özü nəsə yaxşı bir şey yarada bilməz. O mənada müasir rəsmlərini, avanqard arxitekturanı da başa düşə bilmirəm. Daha doğrusu, başa düşmək istəmirəm. Baxıram görmürəm. Bəlkə bu Allaha bağlılığımdan, realist olmağımdan irəli gəlir”.

“O sahədə çox qəşəng pullar var”

Yəqin sizə də maraqlıdır, görəsən Gövhər xanım indiyə qədər heç toy mahnısı bəstələyibmi? Toy müğənnilərindən kimlər ona müraciət edib? “O qədər...Mənə folklor musiqisi ifa edən, el məclislərində oxuyan elə insanlar müraciət edib, mahnı istəyirlər ki...Desəm şoka düşərsiniz. Özüm də məəttəl qalıram. Amma inanın, həddindən artıq çoxdur. Mənim bəlli stilim var. Fikirləşirəm ki, bu təklifi edənlər ya məni ələ salırlar, ya zarafat edirlər, ya da ümumiyyətlə yaradıcılığımdan xəbərləri yoxdur. Ömrümdə toy mahnısı bəstələməmişəm. Deyim ki, çox sərfəli işdir, o sahədə çox qəşəng pullar var. Ayda ən azından iki-üç dəfə belə mahnılara tələbat olur. Di gəl ki, mən o mahnıları bəstələməyi bacarmıram. Bir neçə dəfə cəhd etdim, baxdım gördüm ki, çox gülməli alınır, çox əsəbləşdim. Şəkil çəkə, gözəl yemək bişirə bilərəm, ev səliqəm var, dizayn etməyi bacarıram”.

“Maral” sümüyümə düşməyib”

“Sizə deyim ki, toy məclislərində o musiqilərə qulaq asmağı xoşlayıram. Bilirsiniz, hər bir insanın müxtəlif əhvalda olduğu zamanları olur. Bəzən olur insanları görmək istəmirsən, bəzən isə məhz Şəmi ilə Şöşünün verilişdə təqdim etdikləri musiqilərə qulaq asmaq istəyirsən. Milliliyi, bizə yaxınlığı, ürəyəyatımlı sözləri, musiqisi olan o cür mahnılara qulaq asıram. Amma məntiqsiz, savadsız, əttökən sözləri olan mahnıları qəti sevmirəm”. “Maral” necə bəyənirsiniz” soruşuram: “Vallah o mahnını məclisdə də durub oynamaram. Zövqümcə deyil. Amma Şəmi ilə Şöşü elə mahnılar tapırlar ki, etiraf edirəm içərilərində xoşuma gələnləri var. “Maral” isə sümüyümə düşməyib. Demirəm o və onun kimi mahnılar məni qıcıqlandırır, sadəcə onların olub-olmaması mənim üçün fərq etmir”.

“Buna vaxtım da yoxdur”

“Bircə Facebook-da öz adıma səhifəm var. Profilim yoxdur. Buna vaxtım da yoxdur. Ora girsəm gərək mən heç nə ilə məşğul olmayım. Çünki hər yazılanı cavablandırsam mənə 24 saat bəs etməz”.




QafqazPRESS.az
banner125x125 banner125x125